Məqalə məlumatı
Kişilərin xəyanət etməsinin 5 səbəbi
Bu gün çoxlarının dilə gətirmək istəmədiyi, lakin müraciətlərə baxdıqda bir çox insanın real həyatlarında yaşadığı bir mövzuya toxunacağıq. Münasibətlərdə xəyanət, qarşı tərəfə bəlkə də ən çox ağrı verən hadisələrdən biridir. Boşuna, xəyanət acısını, ölüm acısına bənzətməyiblər. Hər bir insanın xəyanət etmə səbəbi fərqli ola bilər, amma əlbəttə ki, ümumi nümunələr də var. Bəs, kişilər hansı səbəblərdən xəyanət edir?
1. Emosional boşluq
Bəzən kişi, münasibətdə emosional olaraq dəstək görmədiyini hiss edir. Sanki, cütlükdə ona ehtiyac duyulmur, anlaşılmır, qiymət verilmir. Və bu, emosional boşluğu doldurmaq üçün, şüursuz şəkildə başqa birinə yönəlir. Çünki həyat yoldaşı tərəfindən qarşılanmayan ehtiyacı, bir yolla qapadılmalı idi.
2. Fiziki və ya cinsi məmnuniyyətsizlik
Münasibətdə, fiziki yaxınlıq azaldıqda və ya tərəflər bir-birini cəlbedici görmədikdə və ehtiras yoxa çıxdığında, bəzi kişilər bu boşluğu başqa bir qadında tapmağa çalışır. Ancaq, burada əsas məsələ sadəcə fiziki ehtiyac deyil, “istənilmək” və “arzulanan” olmaq hissidir. Bu isə, birbaşa o kişinin başqa qadınlar tərəfindən “təsdiq” axtarmağının açıq-aşkar nümunəsidir.
3. Özünə inamsızlıq və ya eqo ehtiyacı
Bəzi kişilər üçün xəyanət sadəcə ehtiras deyil, özlərini daha dəyərli və güclü hiss etmə yoludur. Sanki, xəyanət, onlara özlərini, bir növ “özgüvənli” hiss etdirir. Əlbəttə ki, bu sadəcə yalançı və müvəqqəti özgüvəndir. Yaşlandıqca və ya münasibətdə laqeydlik hiss etdikcə, başqalarından təsdiq almaq üçün xəyanət yolunu seçirlər.
4. Münasibətdəki monotonluq və marağın itməsi
Əgər münasibət həyəcanını itiribsə, partnyorlar bir-birinə daha əvvəlki kimi maraq göstərmirsə, kişi həyəcan axtarışına çıxa bilər. İlk günlərdəki o həyəcanı yenidən yaşamaq üçün, başqa münasibətə daxil ola bilər. Xəyanət, bəzən sadəcə yeni bir “əyləncə” kimi görünür, amma nəticələri hər iki tərəf üçün çox dağıdıcı olur.
5. Ünsiyyət problemləri
Münasibətdə emosional bağ qopduqda, ünsiyyət zəiflədikdə, kişi özünü anlaşılan hiss etmədikdə, başqa birinə açılmağa ehtiyac duyur. Çünki kişi öz hisslərini başqa bir şəxsə açmaqla, daha rahat hiss edir. Bu isə zamanla xəyanətə gətirib çıxarır.
Kişilərin xəyanət etməsinin səbəbləri çox müxtəlifdir və bir çox hallarda yalnız bir amil deyil, bir neçə amilin birləşməsi nəticəsində baş verir. Hər bir insan fərqli olduğu üçün, münasibətlərdə yaranan bu tip problemlərin qarşısını almaq üçün əvvəlcə ünsiyyətin gücləndirilməsi, qarşılıqlı anlayışın və hörmətin artırılması lazımdır. Cütlüklər arasındakı yaxınlıq, açıq və dürüst ünsiyyət, hər iki tərəfin özünün öz ehtiyaclarını anlaması – xəyanət ehtimalını azalda bilər. Ancaq unutmaq olmaz ki, hər bir münasibət fərqlidir və hər bir insanın öz səbəbləri vardır. Ümumilikdə isə, xəyanətə uğrayan tərəf, belə bir situasiyada əsla özünü günahlandırmamalıdır!
Çünki xəyanət bir nəticədir, səbəb deyil! Səbəb isə, şüur altınızın çox dərinliklərində gizlidir. Əgər xəyanətlə qarşılaşmısınızsa və ya münasibətinizdə narahatlıq hiss edirsinizsə, bu, özünüzə və münasibətinizə dərindən baxmaq üçün güclü bir siqnaldır.
Unutmamaq lazımdır ki, sevgi münasibətlərində əsl dərinliyi yaratmaq üçün, əvvəlcə özünü anlamalısan. Terapiya isə məhz şüuraltı blokajları aşmaq və sağlam münasibətlər qurmaq üçün ən güclü vasitədir.
Son Məqalələr
Evli qadınların münasibətdə etdikləri 6 səhv