Zəhra Əskərzadə - Evli qadınların münasibətdə etdikləri 6 səhv

Məqalə məlumatı

Evli qadınların münasibətdə etdikləri 6 səhv

27 İyun 2025

Evli qadınların münasibətlərində etdikləri səhvlər, zamanla partnyorları ilə olan əlaqələrini zəiflədə və zədələyə bilər. Əlbəttə, bu səhvlərin zamanında qarşısını almaq və daha sağlam, güclü və xoşbəxt əlaqələr qurmaq mümkündür. Aşağıda, evli qadınların münasibətlərində ən çox yol verdikləri 6 səhv təqdim edilir:

 

1) Düzgün ünsiyyət bacarıqlarının olmaması

Evli qadınların ən geniş yayılan səhvlərindən biri, partnyorları ilə düzgün və səmimi ünsiyyət qurmaqdan çəkinmələridir. Çox zaman, qadınlar özlərini qarşı tərəfə ifadə etməkdə çətinlik çəkirlər və ya yanlış anlaşılacaqlarından qorxurlar. Bu da zamanla qeyri-sağlam ünsiyyətə və qarşılıqlı güvənsizliklərə səbəb ola bilər. Münasibətin sağlam olması üçün açıq, dürüst və qarşılıqlı etimadın olduğu bir əlaqə vacibdir. Bu, hər iki tərəfin ehtiyaclarını və hisslərini daha yaxşı başa düşmələrinə şərait yaradar.

 

2) Əlverişsiz tələblər qoymaq

Bəzi qadınlar, münasibətdə partnyorlarına çox yüksək gözləntilər və tələblər qoyurlar. Bu, onları qarşı tərəfi davamlı olaraq məmnun etməyə çalışarkən, özlərini də təzyiq altında hiss etmələrinə yol açır. Partnyorun bu tələbləri yerinə yetirə bilməməsi nəticəsində, aralarındakı gərginlik getdikcə arta və bağlılıq zamanla zəifləyə bilər. Hər iki tərəfin ehtiyaclarına uyğun real və əlçatan tələblər qoymaq isə, münasibətin daha sağlam və xoşbəxt olmasına kömək edər. Bu, həm də qarşılıqlı hörmətin və anlayışın əsasını təşkil edir.

 

3) Qarşı tərəfin dəstəyini istəmək yerinə, “Mən Özüm” sindromuna yenik düşmək

Evli qadınlar, bəzən bütün problemlərini tək başına, qarşı tərəfdən kömək gözləmədən həll etməyə çalışırlar. Bu vəziyyət, zamanla qadının üzərinə həddindən artıq yük yığılmasına və onun emosional, mənəvi, fiziki cəhətdən çökməsinə səbəb ola bilər.

Partnyorundan dəstək almayan qadın isə, özünü zamanla tənhalaşmış hiss edə bilər. Lakin evlilikdə qarşılıqlı dəstək çox vacibdir. Bir qadın öz problemlərini həll etməyə çalışarkən, partnyorundan daha çox mənəvi və emosional dəstək almalıdır ki, özünü tam olaraq o kişinin yanında güvəndə hiss edə bilsin.

 

4) Öz kimliyini unutmaq

Bəzi qadınlar, ailə qayğıları və məsuliyyətləri ilə o qədər məşğul olurlar ki, öz şəxsiyyətlərini, maraqlarını və arzularını unutmağa başlayırlar. Bu, zamanla qadının özünə olan hörmətini və dəyərini zəiflədə bilər. Onlar, öz ehtiyaclarını və istəklərini ikinci plana ataraq, yalnız ailə, uşaqlar və ev işləri ilə məşğul olurlar. Ailə həyatında balansı qorumaq və şəxsi ehtiyacları ön plana çıxarmaq vacibdir. Həmçinin, öz kimliyini unutmamaq və hər zaman özünə də diqqət ayırmaq, qadının xoşbəxtliyini artırar, Qadının xoşbəxt olmağı isə, birbaşa ailə münasibətlərinə də müsbət təsir göstərər.

 

5) Keçmişi həmişə gündəmə gətirmək

Keçmişdəki səhvlər və yanlış anlaşmalar, davamlı olaraq münasibətdə gündəmə gətirildikdə, cütlüklər arasında həddindən artıq gərginlik və problemlər yarada bilər. Keçmişin təkrarlanması – tərəflərin özlərini narahat və güvənsiz hiss etməsinə səbəb ola bilər. Keçmişi olduğu kimi qəbullanmaq və təkcə mövcud problemlərə fokuslanmaq, daha sağlam və inamlı bir əlaqənin əsasını təşkil edir. Hər iki tərəf də keçmişin yükünü daşımaqdan azad olmağı bacarmalı və hər hansı bir səhvi yenidən gündəmə gətirmək əvəzinə, gələcəyə müsbət baxmalıdırlar.

 

6) Münasibətdə intim həyatın olmaması və ya zəifləməsi

Evli qadınlar, münasibətlərindəki intim həyatına yetərli diqqət vermədikdə, bu əlaqənin zəifləməsinə və cütlüklər arasında qarşılıqlı soyuqluğa səbəb ola bilər. İntim münasibətlər, yalnız fiziki yaxınlıq deyil, həm də emosional əlaqənin dərinləşməsi və güclənməsidir. Münasibətdəki intim həyatın davamlılığı və partnyorla qarşılıqlı anlayış, münasibətin sağlam və alovlu olmasına kömək edir. Bu baxımdan, intim həyatına xüsusi diqqət yetirmək və bir-birinin ehtiyaclarını dinləmək çox-çox vacibdir.

Son olaraq isə, qeyd etmək istəyərdim ki, bir cütlüyün həqiqətən də xoşbəxt olmağı üçün, hər 2 tərəfin də eyni dərəcədə bu münasibətə məsuliyyətlə yanaşmağı, səhvlərindən nəticə çıxarmağı və komanda ola bilməsi çox vacibdir!


Müştəri rəyləri

Münasibətlərinizdə tarazlıq və harmoniya üçün buradayam

Sosial Linklər